Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində hədəf icmaların seçim iclası keçirilib. İclasda "Layihə İdarəetmə və Qiymətləndirmə Komitəsi”nin (LİQK) üzvləri, o cümlədən: "Ümid” SİD İB-nin Layihə rəhbəri (onlayn) və layihə komandası, Mingəçevir Valideyn Assosasiyasının rəhbəri, BMT QAK-ın əməkdaşı (onlayn), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Yevlax və Goranboy rayonları üzrə nümayəndələri iştirak edib. Görüşlərdə icra edilən layihə barədə icma üzvlərinə ətraflı məlumatlar verilmiş, müvafiq məlumatlar toplanılmış və əməkdaşlıq imkanları müzakirə edilmişdir.
"Ümid” SİD İB-nin Yevlax ofisində hibrid formatda təşkil edilmiş iclasda Mingəçevir şəhəri, Yevlax və Goranboy rayonları üzrə qısa siyahıya salınmış məcburi köçkün icmalarında (12 icma) aparılan ilkin araşdırma görüşlərində əldə edilmiş məlumatlar Komitə üzvlərinin diqqətinə çatdırılmışdır. LİQK təqdim edilmiş məlumatlar əsasında müzakirələr aparmış, araşdırma aparılmış hər bir icmanı seçim kriteriyalarına (məcburi köçkün ailələrinin sayı, gənclərin və qadınların fəallığı, icma tərəfindən göstərilmiş maraq, icma ehtiyaclarının səviyyəsi və s.) əsasən qiymətləndirmişdir. Qiymətləndirmə nəticəsində ən yüksək bal toplamış Mingəçevir şəhərinin 2 (Yeni Həyat, "Kür” mehmanxanası), Yevlax rayonunun 2 (32-ci məhəllə, Malbinəsi) və Goranboy rayonunun 2 (Aşağı Ağcakənd, Yeni Veyisli) icması layihədə əməkdaşlıq üçün ilkin olaraq seçilmişdir.