Şanlı zəfərimizlə yekunlaşan Vətən müharibəsindən iki ildən çox müddət
keçməsinə baxmayaraq Ermənistanın Azərbaycana qarşı törətdiyi mina
terroru hələ də davam etməkdədir. Bunun nəticəsidir ki, zaman-zaman
minaya düşən vətəndaşlarımız bəşəriyyət əleyhinə olan bu hərbi cinayətin
qurbanına çevrilirlər. Təəssüf hissi ilə qeyd edirik ki, yaranmış bu
hal bir çox göstəricilərinə görə faciəvi şəkil almaqdadır.
Ermənistan
Respublikası, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü
bəndinə zidd olaraq, Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyətini
davam etdirərək, qüvvələrini nəinki Azərbaycan ərazisindən tam şəkildə
çıxartmayıb, əksinə təxribatçı fəaliyyətini hələ də davam etdirməkdədir.
Azərbaycan ərazilərində külli miqdarda aşkarlanan piyada əleyhinə
minalar bu təxribatçı fəaliyyətin əyani sübutudur. Müşahidələr göstərir
ki, bu kimi hallar yalnız keçmiş təmas xətti boyunca deyil, ölkənin
işğaldan azad olunan digər ərazilərində də baş verir. Bəlli məsələdir
ki, Ermənistan Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq
niyyətindədir və bu çirkin niyyətini müxtəlif yollarla həyata keçirməyə
çalışır. Minaların kütləvi şəkildə basdırılması həmin əməllərdən
biridir. Məhz bunun nəticəsidir ki, minaya düşmə halları günbəgün
artmaqdadır. Belə ki, işğaldan azad olunmuş ərazilərimizdə 2020-ci il
müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan
50-si həyatını itirib.
Təəssüf hissi ilə qeyd edirik ki, işğal
dövründə ərazilərin Ermənistanın hərbi birləşmələri tərəfindən kütləvi
minalanması Azərbaycan hökumətinin son iki ildə başlatdığı bərpa və
yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur.
Ən əsası isə bu, yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və
layiqli şəkildə qayıtmaq kimi ayrılmaz hüququnun həyata keçirilməsinə
mənfi təsir göstərir. Prezident İlham Əliyev çıxışlarının birində qeyd
etdiyi kimi "Mina təhlükəsi azad edilmiş ərazilərdə bərpa işlərinin
aparılmasına və məcburi köçkünlərin evlərinə qayıtmasına əsas maneədir”.
Hazırda
Şuşa-Xankəndi yolunda azərbaycanlı ictimai fəallar və ekoloji
qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən keçirilən etiraz
aksiyası davam etdirilir. Ekoloji terrora son qoymaq şüarları altında
keçirilən aksiyanın iştirakçıları Ermənistan ərazisindən Azərbaycana
silah-sursatın, hərbçilərin daşınması, milli sərvətlərimizin ölkədən
çıxarılması və digər qanunsuz əməllərin həyata keçirilməsi üçün istifadə
olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə, qanunsuzluğa
son qoyulmasını tələb edirlər. Bu aksiya həm də Ermənistanın mina
terroruna qarşıdır.
Biz, Azərbaycanda fəaliyyət göstərən
qeyri-hökumət təşkilatları dünya ictimaiyyətinə bir daha müraciət
edərək, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn normalarına
zidd olaraq Azərbaycan ərazilərində basdırdığı minaların insanların
həlak olmasına, sağlamlığını itirməsinə və ya əlil qalmasına səbəb
olduğunu, regionda ədalətli sülhün və təhlükəsizliyin təmin olunmasına
ciddi təhdid yaratdığını diqqətə çatdırır və torpaqların minalarla
çirkləndirilməsinin qarşısının qəti şəkildə alınmasına, dəqiqliyinə
zəmanət verən mina xəritələrinin ölkəmizə təqdim olunmasına dəstək
verməyə çağırırıq.