1948-ci
il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya
Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o
cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. Bu gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün
qlobal bir imkandır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu xüsusi
tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında
müzakirələrin aparılmasına şərait yaradır. İctimaiyyətin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab
etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir
mövzuya həsr olunub və müxtəlif şüarlar altında keçirilib: "Fəallıq uzun
ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu
təhlükəsiz edək", "Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000
şəhər – 1000 həyat" və s. Son illər həmin gün "Kiçik sancma böyük
təhlükə mənbəyidir”, "Qida məhsullarının təhlükəsizliyi”, "Diabetə qalib
gələk”, "Depressiya: gəlin danışaq" şüarları altında keçirilib. 2022-ci ildə Ümumdünya Sağlamlıq Günü yeni növ koronavirus
(COVID-19) pandemiyasını yayılması ilə mübarizə mövzusuna həsr edilib və
"Bizim planetimiz bizim sağlamlığımızdır" şüarı ilə keçirilib, bu il
isə təşkilatın yaranmasının 75-ci ilində həmin gün "Hər kəs üçün
sağlamlıq” şüarı altında qeyd edilir. ÜST-nin hesablamalarına əsasən qarşısı alınmayan ekoloji səbəblərin
yaratdığı xəstəliklərdən hər il dünyada 13 milyon nəfər həyatını itirir. Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi,
xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda
duran əsas məsələlərdən biridir. Uzun və sağlam ömür yaşamağa nail olmaq
və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran
başlıca vəzifələrdən sayılır. Həmin günün məqsədləri sırasına sağlamlıq qaydalarına düzgün əməl
olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək
edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma,
idmanın və düzgün həyat tərzinin təbliği, gənclər arasında sağlam
vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanları məhdud olanlara
güzəştli şəraitin yaradılması, siqaret çəkməyin, alkoqollu içkilər və
narkotik vasitələrin zərəri barədə məlumatlandırma, profilaktik
prosedurların təyini və s. kimi məsələlər daxildir. Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə
yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və
əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət
edən tədbirdir.