BMT QAK-ın icma səfərbərliyi layihəsi çərçivəsində Yevlax rayonunda İcma İnkişaf Şurasının seçim yığıncağı keçirilib
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icra etdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və Bacarıqlarının artırılması” layihəsi çərçivəsində 5 aprel 2023-cü il tarixdə Yevlax rayonu Malbinəsi icmasında İcma İnkişaf Şurasının seçimi məqsədilə ümumi yığıncaq keçirilib. Yığıncaqda "Ümid” SİD İB-nin əməkdaşları, Malbinəsi İcra Nümayəndəsinin müavini və icma üzvləri iştirak edib (50 nəfər: 22 qadın, 28 kişi). Tədbirdə "Ümid” SİD İB-nin əməkdaşları layihə barədə iştirakçılara məlumatlar vermiş, İİŞ üzvlərinin seçim meyarları və öhdəliklərini açıqlamışlar. İcma üzvləri icma problemlərinin həllində təşəbbüskarlıqları ilə fərqləndiklərini, bacarıqlı və fəal olduqlarını bildirdikləri 9 nəfərin İİŞ üzvlüyünə namizədliyini irəli sürmüşlər. Yığıncağın davamında hər bir namizəd açıq səsverməyə çıxarılmış və səs çoxluğu ilə 9 nəfər (4 qadın, 5 kişi) İİŞ üzvlüyünə seçilmişdir.