Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır
Aprelin 12-13-də Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının genişləndirilmiş səyyar iclası keçirilib.
Agentlikdən bildirilib ki, iclasda təcrübəli QHT ekspertləri və təmsilçiləri, Agentliyin Müşahidə Şurasının üzvləri və əməkdaşları iştirak ediblər.
İclasın keçirilməsində əsas məqsəd Agentliyin güclü və zəif cəhətlərinin, imkan və çətinliklərinin təhlili, missiya və vizyonun, 2024–2026-cı illər üzrə strateji məqsədlərinin müəyyənləşdirilməsi və strateji məqsədlərə çatmaq üçün fəaliyyət planının hazırlanması olub.
İclasda dəvət olunmuş QHT nümayəndələri ilə birlikdə "Agentliyin 2024–2026-cı illər üzrə Strateji Planı”nın hazırlanması ilə bağlı müzakirələr aparılıb. Təcrübəli QHT ekspertləri və təmsilçiləri, Müşahidə Şurası üzvləri, Agentliyin icra aparatının əməkdaşlarından ibarət formalaşdırılmış 3 qrupun hər birində Strateji Planla bağlı 4 sessiyada ideya və təkliflər irəli sürülüb, müzakirələr və fikir mübadiləsi aparılıb. Hər sessiya müzakirəsindən sonra qruplar tərəfindən verilmiş təkliflər iştirakçılar tərəfindən təhlil edilib, sistemləşdirilib və ilkin layihə kimi təqdim olunub.
Strateji Planın hazırlanması ilə əlaqədar QHT təmsilçiləri ilə məsləhətləşmələrin davam etdiriləcəyi və müzakirə mərhələsindən sonra qəbul ediləcəyi bildirilib. Strateji Planın ayrı-ayrı hissələri ilə bağlı QHT təmsilçiləri ilə müzakirələrin canlı və onlayn formatda aparılması nəzərdə tutulur və onlarla bütün proses boyu sıx əməkdaşlıq davam edəcək.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Müşahidə Şurasının iclasını açıq elan edib.
Əvvəlcə aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması nəticəsində şəhid olan 3 hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vüsal Quliyev bildirib ki, Strateji Planı hazırlayan zaman həm vətəndaş cəmiyyətinin inkişafı məsələlərini və eləcə də ölkəmizin inkişaf strategiyasının prioritetlərini diqqətdə saxlamağımız vacibdir: "Biz təmin etməliyik ki, dövlətin QHT-lərə dəstəyi məqsədyönlü, aktual və təsirli olsun. Bu QHT-lərə öz məqsədlərinə nail olmaq, cəmiyyət və icmalar səviyyəsində müsbət dəyişiklik yaratmağa real kömək etsin. Biz təmin etməliyik ki, strateji planımız hərtərəfli, bütün maraqlı tərəflərin yanaşmasını nəzərə alan, yaxşı düşünülmüş və icra edilə bilən olsun. Biz, həmçinin əmin olmalıyıq ki, o, konkret və ölçülə bilən məqsədləri, vaxt qrafiklərini və məsuliyyəti ehtiva edir”.