11 may 2023-cü il tarixində Mingəçevir şəhərində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD İB) icra etdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə "Ümid” SİD İB-nin layihə komandası üzvləri, Yevlax rayon və Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri, hədəf icmaların İcma İnkişaf Şuralarının üzvləri, yerli qeyri-hökumət təşkilatları, Mingəçevir "ASAN Peşə” Təhsil Mərkəzi, Mingəçevir Dövlət Universitetinin Karyera və İnkişaf Mərkəzi, BMT QAK və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak etmişlər (35 nəfər: 12 qadın, 23 kişi).
"Ümid” SİD İB-nin Proqram direktoru Rasim Quliyev tədbirin məqsədini açıqlamış və icra edilən layihənin zəruriliyi barədə fikirlərini iştirakçılara çatdırmışdır.
Tədbirdə "Ümid” SİD İB-nin regional koordinatoru Əflatun Verdiyev tərəfindən "Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin hədəfləri, əsas vəzifələri, fəaliyyətləri və əldə ediləcək nəticələri barədə təqdimat nümayiş etdirilib.
Tədbirin davamında layihə ilə bağlı ümumi müzakirələr aparılıb. Çıxış edən qonaqlar icra edilən layihənin əhəmiyyəti, hədəf məcburi köçkün icmalarının səfərbərliyinə töhfə verə biləcək yanaşmaların tətbiqi, gənclərin müasir və perspektivli peşələrə yönəldilməsi və s. barədə fikirlərini bildirmiş, təkliflər irəli sürmüşlər.
Cari ilin fevral ayından icra edilən "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin başlıca məqsədi mövcud məcburi köçkün icmalarının dayanıqlığını artırmaq və onları İştiraklı İcma İnkişafı və Usta yanında Şagird Hazırlığı metodları vasitəsilə qarşıdakı qayıdış prosesinin çətinliklərinin öhdəsindən gəlməyə hazırlamaq üçün potensialını gücləndirməkdir.