eyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi "İşgəncələr məbədi - Şuşa həbsxanası” adlı sənədli film hazırlayıb. Sənədli filmin müəllifi tanınmış telejurnalist Mübariz Əsgərovdur.
Filmin çəkilişləri işğal dövründə Şuşa şəhərində azərbaycanlı əsir və girovların saxlandığı, amansız işgəncələrə məruz qaldığı, həndəvərində kütləvi məzarlıq aşkar olunan Şuşa həbsxanasında aparılıb, filmdə əsir və girovluqdan azad edilənlər başlarına gətirilənlər, şahidi olduqları hadisələrlə əlaqədar dəhşətli faktlar açıqlayıb.
Ermənistan uzun illər zənn edirdi ki, işğal etdiyi Şuşa həmişəlik onundur və buradakı cinayətlərinin üstü heç vaxt açılmayacaq. "İşgəncələr məbədi-Şuşa həbsxanası” sənədli filmində Ermənistanın beynəlxalq konvensiyalara, humanitar hüquqa, əsir və girovlarla rəftar qaydalarına zidd olaraq, insanlıq əleyhinə törətdiyi müharibə cinayətləri faktlarla ifşa edilir.
"Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi ərsəyə gətirdiyi bu filmlə xarici ölkələrdəki vətəndaş cəmiyyəti təsisatlarını, insan hüquq və azadlıqlarını müdafiə edən beynəlxalq təşkilatları aşkara çıxan faktlara diqqət yetirməyə, onlar barəsində məsələlər qaldırmağa çağırış edir.
Sənədli filmdə müəllif əminliyini bildirir ki, Ermənistan törətdiyi müharibə cinayətlərinə görə məsuliyyətdən qaça bilməyəcək.
Filmdə mövzu ilə əlaqədar zəruri informasiya dəstəyinə, müvafiq köməkliyə və sənədlərlə tanışlıq üçün hərtərəfli şərait yaradılmasına görə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına xüsusi təşəkkür edilir.
37 dəqiqəlik sənədli filmin ingilis və rus dillərinə də tərcüməsi nəzərdə tutulur.
Sənədli filmi bu link vasitəsilə izləyə bilərsiniz: