Qərbi
Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti
təşkilatları beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. "Təlatümlü XX əsrdə etnik azərbaycanlılar
Ermənistan tərəfindən amansızcasına ağlasığmaz vəhşiliklərə,
deportasiyalara və müxtəlif təqiblərə məruz qalmışdır ki, bunlar
azərbaycanlıların xatirələrində dərin iztirab və sağalmaz izlər buraxıb. 1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan vəhşicəsinə
qovulması onların vaxtilə öz ata-baba yurdları olmuş ərazilərdən
izlərinin silinməsi məqsədilə aparılan bir əsrlik kampaniyanın dəhşətli
sonu oldu. Bir vaxtlar Azərbaycan mədəniyyətinin çiçəklənən beşiyi
olmuş, indiki Ermənistandakı Azərbaycan məskənləri əsl sahiblərinə
həsrət içində tərk edilmiş qalıb. Bu vəhşiliklər azmış kimi, Ermənistan 1991-1994-cü illərdə Azərbaycan
ərazilərini işğal edərək xalqımızı daha acı iztirablara düçar etdi. 800
minə yaxın azərbaycanlı öz yurd-yuvasından vəhşicəsinə qovulmuş,
məcburi köçkünlüyün acı taleyini yaşamalı olmuşdur. Azərbaycanlıların qəbiristanlıqları, müqəddəs məkanları nümayişkaranə
şəkildə dağıdılmış, mədəni irsi təhqir olunmuş, onlara sağalmaz yaralar
vurulmuşdur. Ermənistanın vəhşiliyi sərhəd tanımamışdır. Ermənistan Azərbaycanın
dinc vətəndaşlarına qarşı çoxsaylı qırğınlar törətmiş, 20 mindən çox
günahsız insanın həyatına son qoymuşdur. Bu günə qədər itkin düşmüş 4000
nəfərin naməlum taleyi Azərbaycan xalqının çəkdiyi acı kədər və
iztirabların ağrılı bir yaddaşına çevrilmişdir. Doğma yurdlarından didərgin salınmış yüz minlərlə azərbaycanlı qaçqın
və məcburi köçkün çadır düşərgələrində heç bir rahatlıq olmadan
ağlasığmaz həyat şəraitində yaşamalı olmuşdur. Bu uzun sürən məcburi
köçkünlük ailələri bir-birindən ayrı salmış, icmaların sosial bağlarını
qırmış, onları ümidsizlik və qeyri-müəyyənliklə üz-üzə qoymuşdur. Ermənistan illər boyu həyasızcasına beynəlxalq hüquq normalarını
pozaraq, işğalçılıqdan əl çəkməmiş və azərbaycanlı məcburi köçkünlərin
təhlükəsiz şəkildə geri qayıtmasına mane olmuşdur. Ancaq 2020-ci ilin
payızında Azərbaycan Ermənistanın növbəti mənfur hücumunu dəf edərək,
işğal altındakı ərazilərini azad etdikdən sonra məcburi köçkünlərin
evlərinə qayıtmaları üçün nəhayət bir ümid işığı yandı. Bununla belə, bərpa və reinteqrasiyaya gedən yolda misli görünməmiş
çağırışlar və çətinliklər qalmaqdadır. Ermənistan bir vaxtlar işğal
etdiyi torpaqları qəddar niyyətlə çoxsaylı minalarla çirkləndirərək
həmin əraziləri yaşanmaz hala - ölüm tələsinə çevirib. İnsan həyatına
açıq-aşkar etinasız yanaşan Ermənistan bu gizli ölüm toxumlarının yerini
açıqlamaqdan imtina etməklə beynəlxalq humanitar hüququn qayəsinə zərbə
vurur. Azərbaycanlılara qarşı misli görünməmiş ədalətsizliyə dünya
ictimaiyyətinin reaksiyası insan haqları məsələlərinə yanaşmada
açıq-aşkar ikili standartlar nümayiş etdirməklə məyusedici olmuşdur.
Ermənistanın bədnam əməllərinin ağırlığına baxmayaraq, dünya
ictimaiyyəti acınacaqlı vəziyyətdə olan azərbaycanlıların dərdlərinə
həmdəm olmamış və onlara layiq olduqları dəstəyi verməmişdir. Azərbaycan xalqının çəkdiyi böyük iztirablara açıq-aşkar məhəl
qoymamaqları ilə bəlli etdikləri kimi, özünü "beynəlxalq ictimaiyyət”
adlandıranların selektiv yanaşması qərəz və biganəliyin aydın
təzahürüdür. Görünür, onlar məcburi köçkünlük, təqib və qırğınlarla
üzləşmiş azərbaycanlıların acınacaqlı taleyini rahatlıqla unutmağa
üstünlük verirlər. Əvəzində isə diqqəti Azərbaycanın Qarabağ bölgəsində
yaşayan ermənilərin, əslində, mövcud olmayan və uydurma "potensial”
problemlərinə yönəltməyə cəhd göstərilirlər. Narahatlıq yaradan saxtakarlıqlardan biri də keçmişin acı
həqiqətlərini qəsdən ört-basdır etməklə, Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisinin sanki müstəsna olaraq
ermənilərə aid imiş kimi göstərmək cəhdləridir. Məsələ burasındadır ki,
azərbaycanlılar həmin ərazidəki bir çox yaşayış məntəqələrindən, o
cümlədən Xankəndidən, Kərkicahandan, Malibəylidən, Qaradağlıdan və
Xocalıdan vəhşicəsinə qovulublar. 1992-ci il Ermənistan silahlı
qüvvələrinin azərbaycanlı dinc sakinləri kütləvi şəkildə qətlə yetirdiyi
Xocalı qətliamının acı xatirələri yaddaşlarda silinməz izlər buraxıb.
Məcburi köçkün azərbaycanlılar həmin yaşayış məntəqələrinə hələ də
qayıda bilmirlər. Ermənilər üçün eksklüzivlik mənzərəsi yaratmağa
çalışan bu cür aldadıcı bəyanatlar yalnız ədalətsizliyin və bölücü
yanaşmanın davam etdirilməsinə xidmət edir. Bu birtərəfli mövqe ədaləti və insan haqlarını müdafiə etmək
iddiasında olanların əsl simasını ifşa edir, çünki onlar
azərbaycanlıların hüquq və məşəqqətlərini etnik və dini mülahizələrdən
çıxış edərək açıq-aşkar görməməzliyə vururlar. Belə bir mövqe Ermənistanın müharibə və insanlıq əleyhinə
cinayətlərini, irqi ayrı-seçkiliyini dəstəkləyir, ədalətsizliyin tüğyan
etməsinə və Azərbaycan xalqına qarşı zülmün davam etdirilməsinə şərait
yaradır. Bu imtiyazlı münasibətdən cəsarətlənən Ermənistan qovulmuş
azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququnu inkar edərək öz
təkəbbürünü davam etdirir. Onlar məcburi qovulmanı həyasızcasına
"könüllü” adlandıraraq azərbaycanlı qaçqınları Ermənistana geri
qayıtmaqla bağlı fundamental hüquqlarından məhrum etməyə əxlaqsızcasına
cəhd edirlər. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və
ləyaqətli şəkildə qayıtması ilə bağlı Qərbi Azərbaycan İcması ilə
dialoqdan Ermənistanın israrla imtina etməsi, İcmanın haqlı mübarizəsini
"ərazi iddiası” kimi qələmə verməsi bu dövlətin monoetnik siyasətdən əl
çəkməməsinə və Ermənistanda dərin kök salmış azərbaycanofobiyaya daha
bir narahatedici sübutdur. Bundan başqa, Ermənistanın "Qarabağ ermənilərinin müstəsnalığı”
iddiası problematik və dərin narahatedici bir ideologiya ilə səsləşir.
Bu, hamı üçün həyəcan təbili çalan tarixi paralelləri xatırladır. Belə
bir təhlükəli yanaşma irqi üstünlüyə və etnik mənsubiyyətə görə
başqalarını təcrid etməyə inancı nümayiş etdirir. Beynəlxalq ictimaiyyətin Ermənistanın cinayətlərini pisləməməsi onun
ermənipərəst qərəzini bir daha göstərir və azərbaycanlıları layiq
olduqları dəstəkdən məhrum edərək onları bu ədalətsizliyin yükünü
daşımağa məcbur edir. Azərbaycanlıların didərgin düşməsi bəşəriyyətin nə dərəcədə rəhmsiz
və biganə ola biləcəyinin dəhşətli bir sübutudur. Azərbaycan xalqına
vurulan yaralar dünyanı öz ikili standartlar maskasını yırtmaq və bu
dəhşətli ədalətsizliklərə mərdi-mərdanə sinə gərmək üçün meydana
səsləyir. Beynəlxalq ictimaiyyətin öz davranışı barədə götür-qoy etməsinin,
selektiv yanaşmasını aradan qaldırmasının və etnik mənsubiyyətindən və
dinindən asılı olmayaraq həqiqətən də ədalət və insan hüquqlarının
müdafiəsinə qalxmasının vaxtı çoxdan gəlib çatıb. Yalnız bu halda biz
ayrı-seçkiliyi rədd edən, həqiqi sülh və barışığa qucaq açan ədalətli və
hər kəsi ağuşuna alan dünyaya ümid edə bilərik. 1. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov 2. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova 3. "Qarabağa Dönüş" İctimai Birliyinin sədri Tural Gəncəliyev 4. "Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva 5. "Qarabağ itkin ailələri” İctimai Birliyinin sədri Könül Behbudova 6. "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri Vüqar Qədirov 7. "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Ələkbərli 8. D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova 9. İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı 10. Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı 11. "Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri Mehriban Məmmədova 12. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni 13. "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli 14. "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov 15. "Qaçqın və Deportasiya Olunmuşlara Dayaq" İctimai Birliyinin sədri Oktay Sadıqov 16. Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu 17. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə 18. "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı 19. "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə 20. "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyinin sədri Səriyyə Cəfərova 21. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov 22. "Elmi Araşdırmalar” ictimai birliyinin sədri Telman Qasımov 23. "Mediada İnnovativ Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Müşfiq Ələsgərli 24. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev 25. "Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri Nəsiman Yaqublu 26. Azərbaycanda yaşayan Axıska türklərinin "Vətən" İctimai Birliyinin sədri Xalid Xəlilov 27. "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin sədri Mariya Hüseynova 28. "Azəri Tat Mədəniyyət Mərkəzi” İctimai Birliyinin sədri Elman Əhmədov”.