"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsinin icrasına başlayıb. Layihə 4 ay müddətində (01 avqust-30 noyabr 2023-cü il) icra olunacaqdır. Layihənin hədəf ərazisi Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəb və Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəb nəzərdə tutulub.
Təqdim olunan layihə tam orta məktəblərdə ümumi maraqları, çətinlikləri və məqsədləri uyğun gələn təhsilalanların və onların qruplarının öz problemlərini müəyyənləşdirə və prioritetləşdirə bilən qruplar/klublar səviyyəsində inkişaf etdirilməsini nəzərdə tutur. Qruplar/klublar iqtisadi, məşğulluq, incəsənət, yaradıcılıq, mədəni, idman, ekoloji sağlamlıq və digər "ortaq” maraqlar əsasında formalaşdırılacaq, mövcud problemlər və arzuları ətrafında səfərbər edilərək müvafiq bilik və bacarıqlar/alətlərə yiyələnəcəklər. Komanda/qrup yaradılması və inkişafı yanaşması tətbiq olunmaqla qruplar/klublar öz problemlərini müəyyən etmək, prioritetləşdirmək, problemlərin həlli üçün daxili resursları səfərbər etmək, könüllülük əsasında problemləri öz imkanları ilə həll etmək, problemi müvafiq dövlət orqanları qarşısında qaldırmaq, QHT, yerli assosiasiyalar və biznesi cəlb etməklə qruplar/klubların inkişaf etdirilməsinə nail olunması nəzərdə tutulur.
Layihənin məqsədi "öz problemlərini müəyyən edib həll etmək imkanlarını artıracaq təhsilalanlardan ibarət qruplar/klubların yaradılması vasitəsilə təhsilalanların ictimai-sosial fəallığının artırılması”dır. Layihədə nəzərdə tutulan vəzifələr: 1) ümumi maraqlar ətrafında tələbə qruplar/klublarının müəyyənləşdirilməsi, 2) qruplar/klubların problemlərinin həlli ətrafında şəbəkələşməsi və bacarıqlarının artırılmasıdır.
Layihə çərçivəsində, məsələn, "Film Yaradıcıları və Fotoqrafiya”, "İncəsənət və Mədəniyyət”, "Ədəbiyyat və Poeziya”, "Eko klubu”, "Musiqi və Dram (teatr)” və s. adlı ən az 4 qrup/klubun yaradılması nəzərdə tutulur. Bu qrup/klublar hər birində 10-12 nəfər üzv olmaqla sahəvi, "Qrupun formalaşması və inkişafı”, "Tədbirlərin təşkili” adlı 2 mövzuda təlimlərə cəlb olunmaqla isə "həyati” (cəmiyyətdə davranış və təqdimat) bacarıqlarını artıracaqlar.
Layihənin əsas hədəf qrupu Elm və Təhsil Nazirliyinin müəllim-valideyn-icma münasibətlərinin formalaşdırılması üçün müəyyənləşdirdiyi pilot məktəblər və ya Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmış ən azı 2 məktəb və bu məktəblərin yerləşdiyi icmalar nəzərdə tutulur. Layihədən faydalananlar isə həmin məktəblərin şagirdləri (40 nəfər), müəllim kollektivi və valideynlər (ən azı 110 nəfər) olacaqdır.
Layihə çərçivəsində Elm və Təhsil Nazirliyi yanında İctimai Şura və Bakı şəhər Təhsil İdarəsi ilə əməkdaşlıq nəzərdə tutulur. Bundan əlavə, bu layihə modelinin sınaqdan müvəffəqiyyətlə çıxacağına əminliyimiz gələcəkdə onun Elm və Təhsil Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və xarici donor resurslarının dəstəyi ilə çoxşaxəli təsir göstərəcəyinə (multiplicative impact) və digər təhsil müəssisələrində də həyata keçirilməsinə əminlik yaradır.