Avqustun 27-də Naftalan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan "QHT-lərin II İnkişaf və Mübadilə proqramı” başa çatıb.
Üç gün ərzində təlimlərdə iştirak edən 90-a yaxın QHT təmsilçisi "Dataların yığılması və analizi", "Layihələrin hazırlanması və icra mərhələləri: "Logframe” - "Məntiqi çərçivə”nin hazırlanması və dizaynı”, "Layihə strategiyasının hazırlanması”, "Layihələrin monitorinqi və qiymətləndirilməsi" kimi mövzularda bilik və bacarıqlarını artırıb, beynəlxalq istiqamətdə fəaliyyətin genişləndirməsi üçün "yol xəritəsi” ilə tanış olub.
Təlimçilər - ADA Universitetinin dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov iştirakçılara yüksək motivasiya və fəallıq nümayiş etdirdikləri üçün təşəkkür ediblər.
Eyni zamanda, təlim iştirakçıları proqramla bağlı təəssüratlarını bölüşərək bildiriblər ki, əldə etdikləri bilik və bacarıqlar onlara daha səmərəli formada işlərini təşkil etməkdə güclü metodiki dəstək olacaq.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi təlimləri uğurla başa vuran iştirakçılara sertifikatları təqdim edib.
Qeyd edək ki, "QHT-lərin I İnkişaf və Mübadilə proqramı” ötən il Mingəçevirdə keçirilmişdi. Ümumilikdə bölgələrdə təşkil olunan bu proqramlarda 218 QHT iştirak edib.
“QHT-lərin II İnkişaf və Mübadilə proqramı”na yekun vurulub
Agentlik QHT-lərin inkişafı naminə dövlət dəstəyini regionların və ictimai birliklərin ehtiyaclarını nəzərə almaqla, bundan sonra da davam etdirəcək.