Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən növbəti elektron xidmət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektronlaşdırma proqramı çərçivəsində yeni "Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” elektron xidməti istifadəyə verilib.

Geniş funksional imkanlara malik olan e-xidmət emas.sosial.gov.az internet portalında ayrıca bölmə kimi yaradılıb və hər bir sığortaolunana:
-    əmək qabiliyyətinin müvəqqəti itirilməsi, 
-    hamiləlik və doğum, 
-    uşağa qulluq 
ilə bağlı sosial sığorta hadisələri baş verdiyi zaman ona ödəniləcək sosial sığorta ödəməsinin məbləğini hesablamaq imkanı verir. 

Xidmətdən yararlanmaq üçün sığortaolunanlar:

1.    emas.sosial.gov.az portalında şəxsi kabinetə daxil olaraq "Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” bölməsinə keçid etməli;
2.    Açılan pəncərədə sosial sığorta ödəməsinin növünü seçməli; 
3.    Seçilmiş sosial sığorta ödəməsinin növünə uyğun olaraq tələb olunan məlumatları müvafiq xanalara daxil etməlidir;
4.    "Hesabla” düyməsi sıxıldıqda ona ödəniləcək sosial sığorta ödəməsinin məbləği ekranda əks olunacaqdır.

Yeni e-xidmət elektron xidmətlərin tətbiq dairəsinin genişləndirilməsinə, xidmətlərin keyfiyyət və əlçatanlığının, sığortaolunanların sosial sığorta ödəmələri ilə bağlı məlumatlılığının artırılmasına  xidmət edir.  

2021-ci ilin əvvəlindən Nazirlik tərəfindən "Pensiya kalkulyatoru” elektron xidməti də istifadəyə verilib və  ötən dövrdə bu e-xidmətdən 2 milyon dəfədən çox istifadə edilib.

Sosial sahədə son beş ildə geniş elektronlaşma proqramı icra olunub və bu gün Nazirliyin 153 xidmətindən 140-dan çoxu (90 faizdən çoxu) artıq e-qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, 31 e-arayış xidməti yaradılıb.