Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən "QHT-lərin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə tədqiqat işi” layihəsi həyata keçirilməkdədir.Layihənin nəticələrinin təqdimatı və müzakirəsi keçirilib. Tədbirin açılışında "Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvləri - Zaur İbrahimov, İsrayıl İsgəndərov və Azər Allahverənov, QHT rəhbərləri çıxışlar ediblər. Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə onlayn sorğu, fərdi dərinləşdirilmiş müsahibələr keçirilib və fokus qrup müzakirələri icra olunub. Tədqiqatda vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli fəaliyyəti üçün hüquqi və inzibati mühitin, insan resurslarına çıxış imkanlarının, maliyyə dayanıqlılığı və diversifikasiyasının, qərarlara təsir imkanının, media ilə əlaqələrinin qiymətləndirilməsi kimi mühüm məqamlar yer alıb. Tədbirdə tədqiqat sənədinin nəticələri və tövsiyələri üzrə geniş diskussiyalar aparılıb, gəlinmiş nəticələr faydalı hesab olunub.