Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin Sərgi pavilyonu çərçivəsində "Azərkosmos”dan olan tərəfdaşlarımızla İsrailin İAİ arasında müqavilə imzalandı. Bu sənədə əsasən, 10 illik əməkdaşlıq qurulur. Həmçinin bu sahədə İsrailin dəstəyi ilə Azərbaycanda innovasiyalar mərkəzi yaradılacaq. Daha sonra universitet proqramı əsasında İsraildə olduğu kimi, Azərbaycanda da kosmik sahə tədris olunacaq. Biz Azərbaycanla uzunmüddətli əməkdaşlığa və "Azərkosmos”la dostluq münasibətlərini davam etdirmək niyyətindəyik.
Bu sözləri "Israel Aerospace İndustries” (IAI) şirkətinin nümayəndəsi Aviv Kanelbaum müsahibəsində deyib.
A.Kanelbaum bildirib ki, Azərbaycan-İsrail birgə əməkdaşlığı və dostluğu çərçivəsində mövcud layihələri uğurla həyata keçirmək, yenilərini planlaşdırmaq əsas məqsədimizdir.
Bakı Konqresi barədə fikirlərini bölüşən şirkətin nümayəndəsi Sərgi pavilyonun əməkdaşlıqların qurulması baxımından əvəzsiz platforma olduğunu vurğulayaraq deyib: "Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin qızıl sponsoru olmaqdan qürur duyuruq və çox məmnunuq. Gözəl və ecazkar Bakıda olduğum üçün çox xoşbəxtəm. Azərbaycandan olan dostlarımızı çox sevirik və burada, bu möhtəşəm Sərgi pavilyonunda dostlarla bərabər dünyanın əsas kosmik hadisənin bir hissəsi olmaq əvəzedilməz hisslər yaradır. Bu tədbir çərçivəsində minlərlə insan kosmik sahənin aparıcı şirkətlərinin layihələri və məhsulları ilə yaxından tanış olmaq şansı qazanır, onları əldə etmək kimi fürsətləri olur. Bu, yeni əməkdaşlıqların qurulması üçün əvəzsiz platformadır”, - deyə Aviv Kanelbaum bildirib.