Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı, Azərbaycanın İspaniyadakı Səfirliyinin tərəfdaşlığı ilə Madrid şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan "Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” adlı Avropa Forumu baş tutub.
Forumda Madriddə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, qeyri-hökumət təşkilatları, beyin mərkəzlərinin, akademik dairələrin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov, Türkiyənin bu ölkədəki səfiri Nüket Küçükel Ezberci, Avropa Parlamentinin üzvü Riçard Çarnetski, millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı, Serbiya Respublikası Prezidentinin sabiq xüsusi müşaviri Damjan Krnjeviç Miskoviç, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay və bir sıra şəxslər çıxışlar edib, mövzu üzrə geniş fikir mübadiləsi aparıblar.
Tədbirin əsas çıxışlarından sonra panel müzakirələri təşkil edilib. "Qaçqınlar probleminə Avropa yanaşması: çağırışlar və beynəlxalq əməkdaşlıqlar yolu ilə mümkün həll yolları” adlı ilk panel Diplomatiya İnstitutunun Siyasi araşdırma, təhlil və nəşrlər üzrə direktoru Damjan Krnjeviç Miskoviçin, "Məcburi deportasiya və qaçqınlar mövzusunda Azərbaycan təcrübəsi: Qərbi Azərbaycana qayıdış” adlı ikinci panel isə Türkiyənin "Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürkün moderatorluğu ilə baş tutub.
Forumun sonunda azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib.
Tədbirdə Qərbi Azərbaycandakı maddi-mədəni irsə dair foto-sərgi də nümayiş olunub.
İspaniyada “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” adlı Avropa Forumu keçirilib
Daha sonra Azərbaycan mətbəxinin inciləri ispan qonaqlara təqdim olunub.