14-15 oktyabr 2023-cü ildə Gürcüstanda Avropa İttifaqı Şərq Tərəfdaşlıq proqramının Vətəndaş Təhsili Şəbəkəsinin illik toplantısı keçirildi. Şəbəkənin əsas donoru Almaniyanın Vətəndaş Təhsili üzrə Agentliyidir (Federal Agency for Civic Education (Bundeszentrale für politische Bildung / bpb). Almaniyanın Vətəndaş Təhsili üzrə Agentliyini isə Almaniyanın Federal Xarici İşlər Nazirliyi(German Federal Foreign Office ) maliyyələşdirir. Təşkilat 2015-ci NECE (Networking European Civic Education) adı ilə yaradılıb, daha sonra EENCE (Eastern European Network for Citizenship Education) adı ilə fəaliyyətni davam etdirir. EENCE Şərqi Avropa regionunda vətəndaş təhsili üzrə bilik, bacarıq və dəyərlərin mübadiləsini və inkişafını təşviq etmək məqsədi daşıyan təşkilatlar və ekspertlər şəbəkəsidir.
Şəbəkənin rəsmi görüşündən əvvəl Azərbaycandan olan 6 nümayəndə ciddi müzakirə apararaq iki nəfərin Koordinasiya Şurasına (KŞ) namizədliyini irəli sürəcəyini bildirdi. Azərbaycan nümayəndə heyətinin müzakirələrdə və səsvermədə komanda şəklində və komanda mövqeyindən çıxış edəcəyi qərarlaşdırıldı. Şəbəkəyə üzvlük və KŞ-na seçki prosesi ölkələrin təmsilçiyi ilə deyil, ekspertlərin peşəkarlığı kriteriyası ilə aparılır. Buna baxmayaraq biz nümayəndəliyin və üzvlüyün ölkə təmsilçiliyi kimi formalaşması istiqamətində israrlı olduğumuzu bildirdik.
Tədbirin 2-ci günü KŞ-nın hesabatı verildi, sual-cavab sessiyasında mən KŞ-nın səhvi və ya təkmilləşməsinə ehtiyac olan fəaliyyətlər barədə nə deyə bilərsiniz sualına şərhimi səsləndirdim. Qeyd etdim ki, Azərbaycan QHT-ləri və ekspertləri bu Platforma daxilində yazışmalarda və müzakirələrdə hər bir ölkənin qanunları və normativ sənədləri daxilində istifadə olunan terminologiyadan istifadə edilməsini tələb edir. Azərbaycanda "Dağlıq Qarabağ” adlı zona yoxdur. Qarabağ İqtisadi zonası var və 23 sentyabr Bəyanatınızın (bu 5-6 nəfər region haqqında məhdud məlumata malik şəxsin bəyanatıdır, ümumi EENCE-nin bəyanatı hesab edilə bilməz) reallığı əks etdirməməsi bir yana, heç olmazsa terminologiya düzgün verilsin. EENCE daxilində doğru terminologiya seçilməsi çox vacibdir və zorakılıq və etnik təmizləmə kimi həssas məsələlərə münasibət bildirdikdə ehtiyatlı olmalıyıq, Platforma üzvləri və tərəflərlə məsləhətləşmədən belə bəyanatlar vermək məqsədəuyğun deyil. Ümumiyyətlə isə hər bir normal təşkilat kimi EENCE platformasınında kommunikasiya strategiyası hazırlanmalıdır. Mənim şərh verməkdə məqsədim KŞ-nın şəbəkənin üzvləri ilə məsləhətləşmədən belə bir bəyanat verməsi barədə məlumatlandırmaq idi. Mən tələb etdim ki, bunun səhv bir addım olduğu qəbul edilsin, Azərbaycan nümayəndələri bu bəyanatı doğru hesab etmir və bunu Azərbaycana qarşı qərəzli hesab edir. Bundan sonra iştirakçılardan biri (səhv etmirəmsə, Ukraynadan) bizimlə razılaşdığını bildirdi. Sədr bildirdi ki, biz gələcək KŞ-na tövsiyə edərik ki, bu cür bəyanatlar verməkdən çəkinsinlər. Bununla əlaqədar bəzi çıxışlar da oldu, lakin sonda Ermənistan nümayəndələri demokratiya, insan hüquqları və müharibəni pisləyən çıxışlar etdilər, lakin Xalidə Musayevanın tutarlı cavabı yerinə düşdü. Onun çıxışı təxminən belə idi: Baxın xəritəyə, Azərbaycan öz sərhədləri daxilində antiterror əməliyyatı aparıb, heç bir mülki şəxsə toxunmayıb, Azərbaycandan da kifayət qədər əziyyət çəkən var, nümunə kimi öz əmisi oğlunun ölümünü qeyd etdi. Bu çıxışlardan sonra bu məsələ ilə əlaqədar "Gələcəkdə bu cür bəyanatları verməkdən çəkinilməsi və ən azı bəyanat verməzdən əvvəl tərəflərlə məsləhətləşmələrin aparılması tövsiyə olundu”. Bu məsələdən sonra birbaşa səsverməyə keçmək istədilər, lakin mən söz alaraq əvvəlcə seçki proseduru üçün qaydaların müəyyənləşdirilməsini təklif etdim. Mən KŞ-na seçkilərin kriteriyasının ölkə təmsilçiliyi olmasını təklif etdim və bu təklifin səsə qoyulmasını tələb etdim. Mənim çıxışım: "Bəzi ekspertlər üzv təşkilatların və ekspertlərin təmsil etdikləri ölkələr üzrə deyil, EENCE-nin dəyərlərinə sadiqliyi üzərindən seçilməsi və ölkə təmsilçiliyinin vacib olmadığı barədə təkliflər verir. Əminəm ki, bu cür təkliflər separatizmə yol açacaq, şəbəkə daxili narazılıqlara səbəb olacaq. Şəbəkə Şərq Tərəfdaşlıq ölkələrinin şəbəkəsidir və onun adı ölkə təmsilçiliyinin vacibliyini bildirir. Bu kriteriyanın olmaması isə KŞ-nın missiyasına ziddir. Kimlərsə öz ölkəsini təmsil etmək istəmirsə, bu onun şəxsi işidir. Azərbaycan ekspertləri bu cür yanaşmanı qəbul etmir. Koordinasiya Şurasına üzvlərin seçilməsində əsas kriteriya kimi hər ölkənin minimum bir təmsilçisinin olmasını göstərmək lazımdır. Əgər Azərbaycandan KŞ-da nümayəndə olmazsa, Azərbaycandan olan QHT-nin və müstəqil ekspertlərin bu platformada təmsilçiliyinin sual altında olması riski var”. Təklif səsə qoyuldu, lakin Azərbaycandan olan bütün üzvlər və bir neçə nəfər digər ölkələrdən olan üzvlər mənim təklifimi dəstəkləsələr də, az səs topladı. Lakin moderator səsvermə zamanı səs verənlərdən xahiş etdi ki, hər bir ölkədən nümayəndənin olmasını nəzərə alsınlar.
Səsvermə ölkə təmsilçiliyi kriteriyası əsasında keçirilmədiyinə baxmayaraq Azərbaycandan 2 nəfərin KŞ-na üzv seçilməsinə nail olduq.