Noyabrın 7-də Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "2023-cü il Heydər Əliyev İli”
çərçivəsində "Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət
təşkilatları” mövzusunda forum keçirib.
Heydər Əliyev Mərkəzində təşkil edilən forumda çıxış edən Agentliyinin
icraçı direktoru Aygün Əliyeva tədbirin Zəfər bayramı və Bayraq günü
ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edib, vətəndaş
cəmiyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz
xidmətlərindən, Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət
təşkilatlarının rolundan bəhs edib. O, bir neçə gündən sonra – noyabrın
10-dan etibarən Agentliyin 2024-cü il üzrə qrant müsabiqələri üzrə
layihələrin qəbuluna başlanacağını və prosesin dekabrın 10-da başa
çatacağını bildirib. A.Əliyeva qrant müsabiqələri üzrə mövzuların ən
aktual məsələlərə həsr edildiyini qeyd edib və QHT-ləri müsabiqələrdə
fəal iştiraka çağırıb. Həmçinin məlumat verilib ki, yeni qrant
müsabiqələri ilə əlaqədar geniş maarifləndirmə kampaniyası təşkil
olunub, Agentlik xətti ilə 4 dəfə infosessiyalar keçirilib. Bu
infosessiyalarda ümumilikdə 750-dən çox QHT təmsilçisi iştirak edib.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin
nümayəndəsi Tural Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin
yaratdığı möhkəm bünövrə üzərində Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyev bugünkü qalib Azərbaycan dövlətini ucaldıb: "Azərbaycan
Respublikası artıq bütövdür, tamdır. Əlbəttə, bu mənzərə qeyri-hökumət
təşkilatları qarşısında da yeni çağırışlar deməkdir. Artıq dövlət
tərəfindən QHT-lərlə iş sahəsində köklü islahatlara başlanılıb. Açıq
etiraf olunmalıdır ki, ötən illərdə bu sahədə xeyli nöqsanlar buraxılıb.
Bu gün bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu sahəyə ləkə,
sektorun adına ciddi xələl gətirir. Onlar illərdir öyrəşdikləri
müxtəxorluq dövrünün xiffəti ilə yaşayır”. T.Əliyev bildirib ki, hazırda
QHT-lərlə əlaqədar qanunvericilik bazasına yenidən baxılır. Yaxın
vaxtlarda bu sahədə də əsaslı dəyişikliklərin şahidi olacağıq:
"Bildiyiniz kimi, xarici donorlardan maliyyə alan QHT-lər bunun üçün
Ədliyyə Nazirliyindən müvafiq bildirişə malik olmalıdır. Lakin aparılmış
təhlil üzə çıxarıb ki, QHT sektorunda bildirişdən yayınmaq üçün ciddi
cəhdlər var. Qrantların "qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz
xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir.
Müşahidələr göstərir ki, bir sıra xarici fondların Azərbaycandakı əsas
məqsədlərindən biri məhz əldə edilmiş tarixi Zəfərə kölgə salmaq,
insanların gözündə onu heçə endirmək, cəmiyyətdə ruh düşkünlüyü, süstlük
yaratmaqdır. QHT-ləri bu məsələlərdə diqqətli olmağa, xarici donorlarla
Ədliyyə Nazirliyinin müvafiq bildirişi olmadan heç bir əməkdaşlıq
qurmamağa çağırırıq”.
Daha sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatı İctimai Birliyinin sədri Fatma Səttarova, Dilarə
Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti
İctimai Birliyinin sədri Novella Cəfəroğlu, Qoşulmama Hərəkatı Gənclər
Təşkilatının baş katibi Leyla Həsənova çıxış edərək Azərbaycanın yeni
inkişaf mərhələsində qeyri-hökumət təşkilatlarını xüsusilə beynəlxalq
müstəvidə fəallıqlarını artırmağa çağırıblar.
Forum "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd
Nuriyevin moderatorluğu ilə panel müzakirələri davam edib. Müzakirələrdə
Agentliyin Müşahidə Şurasının üzvü, "Vətəndaş Tədqiqat və İnkişaf”
İctimai Birliyinin sədri Günel Səfərova "Qeyri-hökumət təşkilatlarının
beynəlxalq fəaliyyəti: mövcud vəziyyət, gələcək perspektivlər”,
Agentliyin Müşahidə Şurasının üzvü, "Ümid” Sosial İnkişafa Dəstək
İctimai Birliyinin sədri İsrayıl İsgəndərov "Dövlət-özəl və
qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin
inkişafı”, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd
Nuriyev "Azərbaycanın yeni tarixi mərhələsində QHT sektorunun inkişafı:
yeni çağırışlar və gələcəyə baxış”, Beynəlxalq Avrasiya Mətbuat Fondunun
prezidenti Umud Mirzəyev "QHT-lərin BMT-nin İqtisadi və Sosial Şurasına
üzvlüyü və bu statusun verdiyi üstünlüklər”, Vətəndaşların Əmək
Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov "İctimai
iştirakçılığın təmin edilməsində qeyri-hökumət təşkilatlarının rolu”,
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli
"QHT sektorunda mövcud vəziyyət: imkanlar və çətinliklər”, "ASAN
Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Anar Musayev
"Gənclər təşkilatları: Məqsəd və hədəflər” mövzusunda məruzələrlə çıxış
ediblər. QHT-lərin mövzularla bağlı sualları cavablandırılıb.
Forum çərçivəsində QHT-lərin fəaliyyətinə həsr edilmiş videoçarx da
nümayiş etdirilib, şəhid övladlarının ifasında "Qəhrəman övladıyıq”
mahnısı, Şəmistan Əlizamanlının ifasında Zəfər gününə həsr edilmiş
musiqilər dinlənilib.
Forumun yekununda QHT-lərin təşəbbüsü ilə Azərbaycan Qeyri-Hökumət
Təşkilatlarının Zəfər günü münasibətilə Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevə təbrik müraciəti ünvanlanıb. Müraciət mətnini
"Zəfər” Şəhid Ailələrinə Dəstək” İB-nin sədri Sevinc Alızadə oxuyub.
Müraciətdə deyilir: "İlk dəfə olaraq Azərbaycan böyük təntənə, ruh
yüksəkliyi ilə Zəfər gününü respublikanın tam suverenliyi və ərazi
bütövlüyü şəraitində qeyd edir. Azərbaycan Bayrağının Şuşada,
Xankəndində, Xocalıda dalğalanması tarixə əbədi həkk olan böyük
xoşbəxtlikdir. Bu, müstəqil Azərbaycan dövlətinin həyatında tamamilə
yeni səhifənin açılmasıdır. Biz bu möhtəşəm tarixi günlərin xoş
həyəcanı, sevinci, bəxtiyarlığı içərisindəyik. Siz Azərbaycan xalqını ən
böyük arzusuna çatdırmış milli lidersiniz. Nəyi, nə vaxt və necə etmək
lazım olduğunu Siz öz əməli fəaliyyətinizlə hər dəfə sübut edirsiniz.
Qazanılan nəhəng uğurların hansı əziyyət, zəhmət, fədakarlıq nəticəsində
başa gəldiyi göz qarşısındadır. Siz bütün təzyiqlərə, çətinliklərə
rəğmən Azərbaycanı sabitlik, inkişaf adası kimi yalnız irəliyə
aparırsınız, şöhrətini dünyaya yayırsınız. 20 ildir ki, Azərbaycan xalqı
keçirilmiş bütün prezident seçkilərində öz taleyini yalnız Sizə etibar
edib”. Müraciətdə o da deyilir ki, "Bu gün bütün Azərbaycanın üzü gülür.
Bu gün şəhid övladlarının üzü gülür. Müstəqil Azərbaycan tarix boyu heç
vaxt bu qədər güclü olmayıb. Bu, Sizin xidmətiniz, Sizin əsərinizdir,
cənab Prezident! Bu, Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycandır!
Zəngəzur, Göyçə, Dərələyəz, İrəvan – Qərbi Azərbaycan torpaqları, doğma
yurd yerləri heç vaxt bu qədər yaxın olmayıb. Bu gün hər bir
azərbaycanlı həmin yerlərə də dönəcəyi günü gözləyir. Biz Sizin
liderliyinizlə Qərbi Azərbaycana da gedəcəyik! Əmin ola bilərsiniz ki,
Azərbaycanın qeyri-hökumət təşkilatları bundan sonra daim dövlətinin
yanında olacaq, Sizinlə olacaq! Yolunuz yolumuzdur, cənab Prezident!
Zəfər bayramınız mübarək!”.
“Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı
ilə keçirilən forumda 200-dən çox QHT təmsilçisi iştirak edib.