Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) tərəfindən icra olunan "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi çərçivəsində Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı və Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəblərdə "Layihə nəticələri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa zamanı layihə çərçivəsində yaradılan "İncəsənət və mədəniyyət”, "Musiqi və dram”, "Məntiq” və "Xarici dil” kimi qrup/klubların təhsilalanlara hərtərəfli inkişaf üçün geniş imkanları nümayiş etdirilib. Tədbir iştirakçıları bu klubların şagirdlər arasında yaradıcılıq, tənqidi düşüncə və dil bacarıqlarının inkişafına necə töhfə verəcəyini müzakirə ediblər.
Bundan əlavə, dəyirmi masa şagirdlərin əhatəli və maneəsiz öyrənmə təcrübəsini təmin etmək məqsədilə lazım olan əlavə resursları və dəstəyi müəyyən etmək üçün platforma rolunu oynayıb. Onların intellektual və şəxsi inkişafı üçün daha da canlı və əlverişli mühit yaratmaq üçün təkliflər və istəklər paylaşılıb.
Cari ilin avqust ayından icra olunan sözügedən layihənin əsas məqsədi ümumi maraqları, çətinlikləri və məqsədləri uyğun gələn təhsilalanları və onların qruplarını öz problemlərini müəyyənləşdirə və prioritetləşdirə bilən qruplar/klublar səviyyəsində inkişaf etdirməkdir. Layihə çərçivəsində iki hədəf məktəbdə "İncəsənət və Mədəniyyət”, "Musiqi və Dram”, "Məntiq” və "Xarici dil” adlı qrup/klublar yaradılmışdır.