"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT-lərə) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsini müvəffəqiyyətlə tamamlamışdır.
Layihə çərçivəsində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 saylı tam orta məktəbdə "Musiqi və dram” və "İncəsənət və mədəniyyət” adlı iki qrup/klub (hər birində 15 nəfər üzv olmaqla), Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə isə "Məntiq” və "Xarici dil” adlı iki qrup/klub (hər birində 15 nəfər üzv olmaqla) formalaşdırılmışdır. Bu qrup/klub və ya dərsdənkənar dərnəklərin rəhbərlərinin bacarıqlarının artırılması məqsədilə "Qrupun formalaşması və inkişafı”, "Tədbirlərin təşkili” və "Ünsiyyət və onun insan həyatındakı əhəmiyyəti” mövzusunda təlimlər (iştirakçı sayı 85 nəfər - 29 kişi, 56 qadın) keçirilmişdir. Təlim iştirakçıları keçirilən interaktiv təlim sessiyaları nəticəsində "qrup” anlayışı, onların növləri və inkişaf mərhələləri, tədbirlərin uğurlu təşkil edilməsi üsulları, tədbirlərin təşkilində risk və vaxtın düzgün idarəedilməsi, ünsiyyətin formaları, ünsiyyət mədəniyyəti, konstruktiv ünsiyyət mövzularında yeni bilik və bacarıqlara yiyələnmişlər. Əlavə olaraq, 3 dəyirmi masa keçirilmiş (iştirakçı sayı: 111 nəfər - 21 kişi, 90 qadın), formalaşdırılan qrup/klubların şagirdlər arasında yaradıcılıq, tənqidi düşüncə və dil bacarıqlarının inkişafına necə töhfə verəcəyi, eləcə də lazım olan əlavə resurslar müəyyən edilmişdir.
Bundan əlavə, 280 saylı tam orta məktəbdə yaradılan iki dərnək molbert (6 ədəd), mikrofon üçün ştativ (2 ədəd), proyektor üçün ağ ekran (1 ədəd) və oğlanlar üçün milli rəqs geyimləri (5 ədəd) ilə təchiz edilmişdir. 262 saylı tam orta məktəbdə yaradılan dərnəklər üçün isə səs gücləndiricilər (10 ədəd), şahmat (12 ədəd) və məntiq test kitabları (9 ədəd) alınmışdır. Həyata keçirilmiş layihədən ümumilikdə 150 nəfər faydalanmışdır.
Təhsildə müvəffəqiyyət göstəricilərinin artmasında təhsilalanların və təhsil müəssisələrinin əməkdaşlarına verilən təlimlər, onların bacarıqlarının inkişafı, təhsilverənlərin motivasiyasının artırılması kimi fəaliyyətlərin rolu və payının artması, təhsil müəssisələrinin bu modeli tətbiq etməyə davam etdirməsi bu layihənin davamlılığına təsir göstərəcək şərtlərdəndir. Qeyd olunanlar nəzərə alınaraq layihənin sonunda qrup rəhbərlərinin gələcəkdə bu fəaliyyətin qismən ödənişli (50%), qismən məktəb büdcəsi (50%) hesabına davam etdirilməsi üzrə təlim və məsləhətlərə cəlb olunacağı nəzərdə tutulub. Bundan əlavə, bu modelin sınaqdan müvəffəqiyyətlə çıxması gələcəkdə onun Elm və Təhsil Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və xarici donor resurslarının dəstəyi ilə çoxşaxəli təsir göstərəcəyinə(multiplicative impact) və digər təhsil müəssisələrində də həyata keçirilməsinə əminlik yaradır.

“Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsi başa çatıb