Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 13 yanvar 2023-cü il tarixində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 262  nömrəli tam orta məktəbdə İcma nümayəndələri ilə "İcma-məktəb münasibətlərinin tənzimlənməsi mexanizmləri” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada təhsilin inkişafında icmanın rolu barədə müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib. Sonda dəyirmi masada icmanın məktəbin təhsil prosesində yaxından iştirak etməsi məktəb-icma münasibətlərinin yaxşılaşmasına və məktəb nüfuzunun artırılmasına böyük töhfə verəcəyi qeyd edilmişdir. 

2022-ci ilin dekabr ayından icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin əsas ideyası məktəb-icma münasibətlərini təkmilləşdirmək, beləliklə, məktəb nüfuzunun artırılmasına nail olmaq və effektiv məktəb mühitini formalaşdırmaqdır. Layihə çərçivəsində Türkan qəsəbəsi 262 saylı və Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəblərdə Məktəb İnkişaf Şurası formalaşdırılıb.

 

Qeyd:Elm və Təhsil Nazirliyi məqalənin məzmununa görə məsuliyyət daşımır.