20 Yanvar-Ümumxalq hüzn günüdür!
20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir.
Vətən yolunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini qürur və ehtiramla anırıq!
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli
günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil
olub. Artıq Qanlı Yanvar hadisələrindən 31 il keçir. 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri
Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək
üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi.
Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi və xalqımız
qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu. Otuz bir il
əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə,
humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu
faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və
xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Nəticədə insan
hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya
İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.