2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecə isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Bu vaxt dinc əhaliyə də hücumlar olunub. Hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib. Bundan başqa, mülki əhali arasında da ölən və yaralananlar olub.
Döyüşlər zamanı ordumuz da ermənilərin mövqelərinə cavab zərbələri endirib. Həyata keçirilən əks-həmlə zamanı 2 000 hektardan çox torpaqlarımız azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi də ordumuzun nəzarətinə keçib.
Hərbi əməliyyatlar nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin isə 88 hərbi qulluqçusu həlak olub.
Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib.
Aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb. Orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.