Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada "Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü" kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra, bütün sahələrdə olduğu kimi, əlillərin hüquqlarının müdafiəsi, onların sağlamlığının qorunması istiqamətində də ardıcıl tədbirlər görülüb, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. 1998-ci il iyunun 18-də "İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi ölkəmizdə insan hüquqlarının qorunmasına göstərilən yüksək diqqətin ifadəsi olmaqla yanaşı, əlillərin hüquqlarının müdafiəsində də mühüm əhəmiyyətə malikdir.
Sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi və sosial məsələlərinin həllində yeni hüquqi imkanlar yaradan qanunvericilik aktlarının qəbul edilməsi bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2006-cı il dekabrın 28-də "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 2011-ci il dekabrın 27-də "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub, əlilliyi olan şəxslər üçün sosial, iqtisadi və hüquqi təminatlar müəyyən edən yeni normativ aktlar qəbul edilib.
"Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əlilliyi və uşaqların sağlamlıq imkanlarının məhdudluğunu doğuran səbəblərin aradan qaldırılmasına, onların reabilitasiyasına, ictimai həyatın bütün sahələrində fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq fəaliyyət göstərmələrinə hüquqi təminat yaradır.
Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların yaş həddinin 18-dək yüksəldilməsi, mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə qeydiyyata alınmış müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil qeydiyyatının onun ailə üzvlərində saxlanılması ilə əlaqədar mövcud qanunvericilikdə edilən dəyişikliklər, özəlləşdirilən, ləğv olunan dövlət müəssisələrinin əmək xəsarəti və peşə xəstəliyi ilə əlaqədar zərərçəkənlərinə kompensasiyanın verilməsinin təmin edilməsi kimi yeniliklər bu sahədə aparılan islahatların tərkib hissəsidir.