15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə
yazılmış hadisədir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin
hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin
ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin
itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət
quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub.
1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.
Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli
proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son
anda kömək üçün Ulu Öndər Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali
Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Ulu Öndər Heydər
Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul
edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi
təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev
həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar
nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası
Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində
növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun
Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb.
15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur.