“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində “Yerli hökumət və özünüidarəetmə orqanlarına dəstək” layihəsi
“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində “Yerli hökumət və özünüidarəetmə orqanlarına dəstək” layihəsini müvəffəqiyyətlə tamamlamışdır. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının maliyyələşdirdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) proqramı çərçivəsində həyata keçirilmişdir. Layihə 02 mart - 31 iyul 2022-ci il tarixini əhatə etmişdir.
Layihənin icrası üzrə ilkin hazırlıq işləri (müqavilənin imzalanması, sorğu blanklarının hazırlanması və donorla razılaşdırılması, layihə barədə "1 səhifəlik məlumat sənədi” və s.) tamamlandıqdan sonra layihə üzrə müəyyən edilmiş əsas vəzifələr çərçivəsində 5 fəaliyyət həyata keçirilmişdir.
Fəaliyyət 1.1: Layihə çərçivəsində Quba, Xaçmaz, Şabran və Qusarın 12 icmasında 9 istiqamət üzrə 64 fəaliyyəti əhatə edən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasının tədqiqi məqsədi ilə sorğular keçirilmişdir. Fiziki, onlayn görüşlər (ZOOM proqramı vasitəsilə) və elektron (google proqramı ilə) qaydada keçirilən sorğularda hədəf icmaların Bələdiyyə sədrləri (və ya üzvləri), RİH Başçısının Ərazi üzrə Nümayəndələri (və ya müavinləri), İcma İnkişaf Şurasının koordinatorları (və ya üzvləri), YQHT nümayəndələri və Sahibkarlar (fermerlər və kiçik sahibkarlar) olmaqla 65 nəfər (7 qadın, 58 kişi) iştirak etmişlər. Sorğular təhlil edilərək, nəticələr barədə hesabat hazırlanmışdır. Hədəf ərazilərin tədqiqi vasitəsilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasına dair daha geniş məlumat əldə edilmişdir.
Fəaliyyət 1.2: 12 hədəf bələdiyyənin və 12 İƏT-ın sosial media (Facebook, tweeter, whatsapp və s.) səhifələri yaradılmış, səhifələr ictimaiyyət arasında paylaşılmışdır. Bu səhifələrə Bələdiyyə qulluğuna qəbul, bələdiyyələrdə maraqların konflikti, bələdiyyə büdcəsinin icrası, bələdiyyə aktları, Bələdiyyə Şurasının qərarları və s. kimi təxminən 50 məlumat daxil edilmişdir.
Fəaliyyət 2.1: 12 hədəf bələdiyyənin hər birində 2 onlayn “Praktik məsləhət” görüşləri keçirilmişdir. QHT, sahibkarlıq subyektləri, məktəblər və s. icma üzvlərinin sıx toplaşdığı yerlərdə sosial media səhifələri barədə icma üzvlərinə məlumatlar verilmişdir. 200-300 nəfər icma üzvünün hökumət orqanlarının və bələdiyyələrin öhdəlikləri haqqında bilikləri artmışdır.
Fəaliyyət 2.2: 12 hədəf icmanın hər birində “Elektron hökumət portalının imkanlarından istifadə” mövzusunda onlayn “Praktik məsləhət/təlim” (PM) keçiriləcək. “Praktik məsləhət”-ə nümunə olaraq icma üzvlərinin kommunal, internet, telefon xərcləri, cərimələrin və s. onlayn ödənilməsi həyata keçirilmiş, digər elektron xidmət portalları və onlardan istifadə qaydaları barədə məlumatlar verilmişdir.
“Praktik məsləhətlər" nəticəsində 12 icmada ən azı 50 ailə kommunal və digər ödənişləri ödəmə portalları (hesab.az və s.) vasitəsi ilə həyata keçirməyi bacarmış, bu icmalarda ən azı 2 elektron ödəmə terminalı üçün müvafiq qurumlara müraciət edilmişdir.
Fəaliyyət 2.3: 27 iyul 2022-ci il tarixində Quba şəhərində “Yerli səviyyəli Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın formalaşdırılması məqsədilə fiziki və eyni zamanda, onlayn formatda Seminar keçirilmişdir. Seminarda Quba, Qusar, Xaçmaz, Şabran rayonlarının 9 hədəf kəndindən Yerli İcra Nümayəndələri, Bələdiyyə üzvləri, bir neçə QHT və Sahibkarlıq subyekti nümayəndələri, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru və digər əməkdaşları, “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü iştirak etmişlər (cəmi 35 nəfər: 5 qadın, 30 kişi). Seminarın sonunda 2 yerli QHT, 4 dövlət qurumu, 4 yerli Bələdiyyə və 4 İcma İnkişaf Şurasının iştirakı ilə Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” təsis edilmişdir.