Ümid və inam olmadan heç nə etmək olmaz


2009-cu ildən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən “Süd və Süd Məhsulları İstehsalçılarına İcmaəsaslı Dəstək” layihəsinin icrası bizə həyat tərzləri və yaşayış keyfiyyətləri baxımından iki qütbü xatırlatdı. Bir qütbdəki ev təsərrüfatlarında həyat kifayət qədər rahatdır – onların bütün ehtiyacları avtomatik qarşılanır, evlərində bütün zəruri texnologiyalar və avadanlıqlar mövcuddur, ailə büdcələri isə olduqca cəlbedicidir. Digər qütbdə isə, bu hekayədə təsvir olunan Ağayevlər kimi ailələr həyatda qalmaq uğrunda mübarizə aparırlar... və sadə bir paltaryuyan maşın onların həyata yenidən bağlanması üçün səbəb ola bilər…

Sağda göstərilən şəkil, Ağayevlər ailəsinin Gəncə şəhərindəki avadanlıqlarla təchiz olunmuş iki mərtəbəli evlərini sataraq, ağır həyat şəraitinə uyğun minimum ehtiyaclarını qarşılamaq üçün Samux rayonunun Seyidlər kəndinə köçdükdən sonra yaşadıqları evin şəklidir. Hekayəmizin qəhrəmanı Aygün Ağayeva, üç məktəbli övladı, fiziki qüsurlu həyat yoldaşı, görmə qabiliyyəti olmayan baldızı və yaşlı qayınatası ilə birlikdə – yeddi nəfərlik bir ailə bu evdə yaşamağa çalışır. Ailədə işləyə bilən yeganə şəxs Aygündür və ailənin bütün fiziki, maddi və mənəvi ehtiyaclarını qarşılayan da odur. Bir tərəfdən üç uşaq, iki əlil və bir yaşlının təmizliyi, qidalanması və digər ehtiyaclarını ödəmək, digər tərəfdən isə bu ehtiyacları qarşılamaq üçün çox məhdud imkanlara sahib olmaq Aygünü tez-tez yorur. Onun yeganə varidatı bir inək, bir neçə toyuq və tərəvəz əkdiyi kiçik həyətidir; alətləri isə yalnız zəhmətkeş əlləri, gəliri isə gündəlik 4-5 litr südün satışından, xərcləri çıxdıqdan sonra qalan məbləğdir. Ən azından, bu hal hekayənin əvvəlində qeyd olunan, qısa olaraq Süd layihəsi adlandırılan təşəbbüsə qədər belə idi.

Aygünün südçülük sahəsində əvvəlcədən heç bir təcrübəsi yox idi. Onun iş günü günəş çıxan kimi başlayırdı: inəyin südünü sağdıqdan sonra tələsik ev işlərini görür, uşaqları məktəbə yola salır, köməyə ehtiyacı olanları təmizləyir və yemləyirdi. Yalnız bu işlərdən sonra 4-5 litr südünü götürərək, rayon mərkəzinə gedən avtobusların dayanacağına gedə bilirdi. Təbii ki, təxminən bir saatlıq yoldan sonra süd hələ də təzə olurdusa, onu sata bilirdi. Avtobus bileti üçün 1-1.5 litr südün pulunu ödəyir, qalan pulla isə ev üçün zəruri olan şeyləri alırdı. Aydındır ki, bu halda evdə heç bir irəliləyiş olmur, yeni məişət texnikası almaq isə mümkün deyildi.

Bu çətin mənzərədə ailənin yeganə ümid və gələcək arzusu Aygünün sosial fəallığı və Süd layihəsinə qoşulması idi.

Aygün layihə heyəti tərəfindən keçirilən bütün maarifləndirici müzakirələrdə, potensialın artırılması təlimlərində və digər tədbirlərdə fəal və diqqətlə iştirak etdi. O, südçülük sahəsində həyati əhəmiyyətli strategiyaları öyrəndi: yəni heyvanlara vaxtında, diqqətlə və müşahidəli şəkildə qulluq etməyin təsiri, heyvanların bəslənməsi qaydaları və şəraiti, südün sağılma zamanı, qaydası və təmizliyinin süd məhsullarının keyfiyyəti və miqdarına təsiri. Südün düzgün saxlanması, emala vaxtında verilməsi, müştəri davranışı, satış mədəniyyəti və s. kimi mövzularda əldə etdiyi praktik biliklər Aygündə özünə inam yaratdı. O, aqrar sahəyə yönəlmiş kredit təşkilatları və onların kreditləri haqqında da daha məlumatlı oldu. Artıq o, həyatı və biznesi ilə bağlı yeni perspektivlər haqqında düşünməyə hazır idi.

İcma daxilində yaradılan Süd Toplama Məntəqəsi (STM) Aygünü südü oraya satmağa təşviq etdi və bu, onun əlavə vaxt və pul itkisindən azad olmasına səbəb oldu. Südün qiymətinin STM-də nağd şəkildə ödənilməsi isə Aygünü ev təsərrüfatını yaxşılaşdırmaq üçün motivasiya etdi və o, ilk növbədə paltaryuyan maşın almağı düşündü. Bunun üçün kreditə müraciət etdi və hazırda aylıq faiz və minimal kredit ödənişlərini vaxtında ödəyir.

Aygün Ağayeva
Seyidlər icmasının üzvü