Dünyada humanitar missiyalı üstqurum olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin adının Ermənistan dövləti və separatçılarla bir yerdə çəkilməsi çox böyük təəssüf doğurur. Çətin vəziyyətdə olan insanlara yardım göstərmək kimi xeyirxah bir işi yerinə yetirməli olan bu beynəlxalq təşkilat Vətən müharibəsi günlərində də ikili standartlar yürüdüb. Onların erməni əsirlərinin Füzulidən çıxarmağa çalışması, Laçın-Xankəndi yolu ilə qeyri-qanuni olaraq silah və sursat daşıması və digər qanunsuz daşımaların həyata keçirməsi təşkilatın adı ilə əməlinin uyğun gəlmədiyinin göstəricisidir.
Bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu deyib.
Fondun rəhbəri daha sonra bildirib: "Son günlər Qarabağ iqtisadi regionunda baş verənlər separatçıların niyyətlərini, onların arxasında olan müəyyən beynəlxalq təşkilat və dövlətlərin tamaşa quraraq guya ermənilərin uzun müddət ac qaldıqları, onların "humanitar fəlakətlə” üzləşdiklərini deyirlər. Əgər bir kəndin və ya qəsəbənin sakinləri aclıqdan əziyyət çəkirsə, onun uşağına, yaşlı sakininə, qocasına və xəstəsinə ünvanlanan ərzaq və qidalar niyə qəbul olunmamalıdır? Əlbəttə ki, bu həqiqət olsaydı, ac sakinlər özləri Ağdam- Xankəndi yolunun qarşısını kəsənləri cəzalandırardılar. Lakin hər kəs bilir ki, bu, "humanitar fəlakət” və "aclıq şousundan” əziyyət çəkən yoxdur.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti xeyirxah təşəbbüs göstərərək avqustun 29-da 40 ton un məmulatından ibarət yük göndərib. Neçə gündür ki, həmin karvan Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazinin giriş qapısında gözləyir. Buna nə ad vermək olar? Belə bir xeyirxah və xoş məramlı addım niyə düzgün qiymətləndirilməməlidir? Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisi niyə Bakıya tabe olmaq əvəzinə Yerevana bağlı olmalıdır? Əgər Qarabağ Azərbaycan ərazisidirsə, Xankəndi niyə koordinasiyanı Yerevanla etməlidir? Bu, həmin təşkilatın Azərbaycana qarşı hörmətsizliyidir”.
Müsahibimiz öz fikirlərinə bunları da əlavə edib: "Ermənistanın dirijor çubuğu ilə idarə olunan qondarma rejimin və separatçıların niyyətləri açıqca hiss olunur: onlar öz istəklərinin həyata keçirilməsi üçün danışıqlar aparmağa çalışır və Azərbaycanın öz prinsiplərini həyata keçirməsinə imkan vermək istəmirlər.
"Aclıq şousu” Ermənistanın hansı çirkin oyun oynadığını və oyunun arxasında nəyin durduğunu bir daha dünyaya nümayiş etdirdi. Doğrudur, onların bu oyununa züy tutan ölkələr də var, lakin bir sıra ölkələrə hər şey gün kimi aydındır. Bu saxtakarlığın və tamaşanın sonu yoxdur. Əvvəl-axır ərazisində yaşadığın ölkənin qayda-qanunlarına tabe olmaq və onunla hesablaşmaq lazım gələcək. "Düz əyrini kəsər”, - deyiblər. Azərbaycan dövləti öz haqlı mövqeyindən bir addım da geri çəkilmir və israrla onu müdafiə edir. Çoxsaylı maneələrə baxmayaraq Azərbaycanın mövqeyi öz doğruluğunu sübut edəcək və əminəm ki, yaxın vaxtlarda bunun şahidi olacağıq”.