Bu gün Azərbaycanda "Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümü və Neftçilər Günü kimi qeyd olunur. 1994-cü ilin sentyabrın 20-də Azərbaycanla beynəlxalq şirkətlər arasında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi” adı ilə tanınmış neft kontraktı imzalanıb. Bu, Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın iri neft şirkətləri ilə bağlanmış müqavilə idi. Təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi” adını alıb. Müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Müqavilənin qüvvəyə minməsinin Azərbaycanı dünya arenasında aparıcı mövqeyə çıxarıb, bu müqavilə həm də Azərbaycanın enerji təhlükəsizliyinin əsasını qoyub. "Əsrin kontraktı”nın imzalanması nəticəsində tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlayıb, on minlərlə yeni iş yeri yaradılıb. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Bu gün ölkəmiz Avropanın enerji xəritəsinin dəyişməsində mühüm rola malikdir. Azərbaycanın liderliyi altında bir çox enerji layihələri gerçəkləşib, Azərbaycan qazının Avropaya çatdırılması üçün əhəmiyyətli addımlar atılıb. Neftçilər Günü ilə "Əsrin müqaviləsi”nin eyni vaxtda qeyd olunması təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin 2001-ci il 17 avqust tarixli fərmanı ilə 20 sentyabr  Azərbaycan Respublikasında "Neftçilər günü” peşə bayramı kimi qeyd olunur. Heydər Əliyev Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyətini nəzərə alaraq və neftçilərin əməyini yüksək qiymətləndirərək həmin fərmanı imzalayıb.