Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib

Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 9 iyun 2023-cü il tarixində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 №-li tam orta məktəbdə Məktəb İnkişaf Şurasının təqdim etdiyi üç layihənin nümayişi keçirilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Ermənistanın müharibə cinayətlərindən bəhs edən “İşgəncələr məbədi-Şuşa həbsxanası” adlı sənədli film hazırlanıb

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Ermənistanın müharibə cinayətlərindən bəhs edən “İşgəncələr məbədi-Şuşa həbsxanası” adlı sənədli film hazırlanıb
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi "İşgəncələr məbədi - Şuşa həbsxanası” adlı sənədli film hazırlayıb. Sənədli filmin müəllifi tanınmış telejurnalist Mübariz Əsgərovdur. Filmin çəkilişləri işğal dövründə Şuşa şəhərində azərbaycanlı əsir və girovların saxlandığı, amansız işgəncələrə məruz qaldığı, həndəvərində kütləvi məzarlıq aşkar olunan Şuşa həbsxanasında aparılıb, filmdə əsir və girovluqdan azad edilənlər başlarına gətirilənlər, şahidi olduqları hadisələrlə əlaqədar dəhşətli faktlar açıqlayıb. Ermənistan uzun illər zənn edirdi ki, işğal etdiyi Şuşa həmişəlik onundur və buradakı cinayətlərinin üstü heç vaxt açılmayacaq. "İşgəncələr məbədi-Şuşa həbsxanası” sənədli filmində Ermənistanın beynəlxalq konvensiyalara, humanitar hüquqa, əsir və girovlarla rəftar qaydalarına zidd olaraq, insanlıq əleyhinə törətdiyi müharibə cinayətləri faktlarla ifşa edilir.

"Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi ərsəyə gətirdiyi bu filmlə xarici ölkələrdəki vətəndaş cəmiyyəti təsisatlarını, insan hüquq və azadlıqlarını müdafiə edən beynəlxalq təşkilatları aşkara çıxan faktlara diqqət yetirməyə, onlar barəsində məsələlər qaldırmağa çağırış edir.

BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində Mingəçevir şəhər “Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə tədbir keçirilib

BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində Mingəçevir şəhər “Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə tədbir keçirilib
1 iyun 2023-cü il tarixdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD İB) icra etdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində formalaşdırılmış bir neçə hədəf İcma İnkişaf Şuralarının alt qrupları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mingəçevir şəhər "Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə sağlamlıq imkanları məhdud, qayğıya ehtiyac və valideyn himayəsindən məhrum olan uşaqlar üçün əyləncəli tədbir təşkil edib. Tədbirdə Mingəçevir şəhəri "Kür” Mehmanxanası, Yevlax rayonu Mal Binəsi və 32-ci məhəllə İcma İnkişaf Şuralarının və "Mədəniyyət və incəsənət” alt qruplarının üzvləri olan saz, sintezator, tar, qarmon, nağara ifaçıları şən musiqi nömrələri ilə çıxış edərək uşaqları əyləndirmişlər. Tədbirdə, həmçinin "Kür” Mehmanxanası icmasından olan uşaqlar da iştirak edərək vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş, milli rəqs nümunələri təqdim etmişlər. Alt qrupların dəvət etdikləri klounun gəlişi isə uşaqların ikiqat sevincinə səbəb olmuşdur.


28 May – Müstəqilliyimizin şərəf tarixidir

28 May – Müstəqilliyimizin şərəf tarixidir
28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.
1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilirdi. Lakin Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.
1917-ci ildə baş vermiş Fevral inqilabı nəticəsində Çar Rusiyası süqut etdi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələrinin nəticələrini elan edib

QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələrinin nəticələrini elan edib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi, "Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi və 2023-cü il kiçik qrant müsabiqəsinin nəticələrini elan edir.
Müsabiqə nəticələri ilə aşağıda qeyd olunan link vasitəsilə tanış ola bilərsiniz.
https://ngoagency.gov.az/az/page/fealiyyet/qrant-musabiqeler

Məktəb İnkişaf Şuralarına Dayanıqlıq və İstismar Planı mövzusunda təlim keçirilib

Məktəb İnkişaf Şuralarına Dayanıqlıq və İstismar Planı mövzusunda təlim keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 26 may 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262  nömrəli tam orta məktəbdə "Dayanıqlıq və İstismar Planı” mövzusunda 2 təlim keçirilib. Təlimlərdə dayanıqlıq anlayışı barədə ətraflı məlumatlar verilmiş, Məktəb İnkişaf Şurası üzvləri ilə həyata keçiriləcək layihələrin dayanıqlıq və istismarı ilə bağlı müzakirələr aparılmışdır. Təlimin nəticəsi olaraq hər iki icmada icra olunacaq layihələrin Dayanıqlıq və İstismar Planlarının ilkin variantları hazırlanmışdır.

Bu gün təhsildə nə dəyişməlidir?

Bu gün təhsildə nə dəyişməlidir?
"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Direktoru dosent İsrayıl İsgəndərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovla birlikdə məqaləsi Azərbaycan müəllimi qəzetində dərc olunub. Məqalənin qısa mətni ilə tanış ola bilərsiniz.
Tələbələrimizi yaxşı tanıyırıqmı?

Son dövrlər hazırkı nəslin təlim-tərbiyəsi və davranışları ilə əlaqədar tədqiqat xarakterli çoxlu məqalələr yazılır. Müxtəlif platformalarda bu məqalələr müzakirə olunur, sosial və ənənəvi mediada bir-birinə zidd olan fikirlər söylənilir. Hazırkı nəslin təlim-tərbiyəsi və davranışları ilə əlaqadar ciddi iradlar yazılır, dəyərlərimiz və mədəniyyətimizin gözümüz önündə əridiyi, dürüst həyat tərzinə alışmış nəsillərin isə gələcəkdə məhv olacağı iddia olunur. Bu iddiaları söyləyənlərin səmimiyyətinə və milli dəyərləri qorumaq kimi saf məramlarına inanmamaq mümkün deyil. Bu irad və tənqidlərdə milli-mənəvi dəyərlərin qorunması əsas süjeti təşkil edir. Qaldırılmış əsas məsələlər günün və gələcəyin prioritetidir, lakin dəyərlərimiz və milli mədəniyyətimizin dağılması, məhv olması kimi fikirlər qəbul edilməzdir. Bəli, zaman və texnologiya, virtual kommunikasiya, sürətli dəyişikliklər, fiziki və zehni sürətin artımı düşüncə və davranışda ciddi dəyişikliklərə səbəb olur. Lakin bu, məhv yox, ancaq dəyişiklikdir. Əsl dəyərlər əsrlərin sınağından çıxıb və indiki çətin zamanın da sınağından çıxacaq. Dürüst həyat tərzi isə kifayət qədər mübahisəli mövzudur. "Hansı zaman kəsiyində kimlərin həyat tərzi daha dürüst olub?” - sualına cavab çox çətindir. Dürüstlük isə həmişə mübarizə aparıb və aparacaq da. Aparılan müşahidələr və təhlillər göstərir ki, müasir gəncliyin böyük əksəriyyəti dürüstlüyü, vətənpərvərliyi və milli maraqları qoruya biləcək dəyərlərə sahibdir. Onlar bu dəyərləri öz qəhrəmanlıqları ilə sübut etdilər. Əlbəttə ki, istisnalar da mövcuddur, lakin bu istisnaları indiki gənc nəslə bütövlüklə aid etmək olmaz. Bir məsələnidə unutmayaq ki, gəncliyə inanmaq lazımdır, onları biz yetişdirmişik və biz də qorumalıyıq.

Məqalənin davamı üçün aşağıdakı linkə keçid edin:

https://www.muallim.edu.az/news.php?id=25082&fbclid=IwAR0viPcwu3eGZORa_G5V8w5cAbRxkCGLc_oDA7YruRf_sYu456YsLAhm-1Y

“Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin təqdimatı keçirilib

“Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin təqdimatı keçirilib
11 may 2023-cü il tarixində Mingəçevir şəhərində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD İB) icra etdiyi "Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə "Ümid” SİD İB-nin layihə komandası üzvləri, Yevlax rayon və Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri, hədəf icmaların İcma İnkişaf Şuralarının üzvləri, yerli qeyri-hökumət təşkilatları, Mingəçevir "ASAN Peşə” Təhsil Mərkəzi, Mingəçevir Dövlət Universitetinin Karyera və İnkişaf Mərkəzi, BMT QAK və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak etmişlər (35 nəfər: 12 qadın, 23 kişi). "Ümid” SİD İB-nin Proqram direktoru Rasim Quliyev tədbirin məqsədini açıqlamış  və icra edilən layihənin zəruriliyi barədə fikirlərini iştirakçılara çatdırmışdır.

Məktəb İnkişaf Şurası ilə növbəti dəyirmi masa keçirilib

Məktəb İnkişaf Şurası ilə növbəti dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 8 may 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262  nömrəli tam orta məktəbdə dəyirmi masalar keçirilib. Dəyirmi masada Məktəb İnkişaf Şuraları tərəfindən təqdim olunan  və maliyyələşdirilmə üçün seçilmiş layihələr üzrə nəzərdə tutulmuş xərclərin düzgün aparılma qaydaları müzakirə olunub.

Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda iştirak edib
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Konfransı açan Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Sabahınız xeyir. Əziz qonaqlar, Qarabağa xoş gəlmisiniz, Şuşaya xoş gəlmisiniz. Sizi burada görməyə çox şadam.
Əvvəla müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu konfransı təşkil etdiyi üçün mən ADA Universitetinə təşəkkürümü bildirmək istəyirəm. Məni bu konfransa dəvət etdilər və mən burada - Qarabağda görüşməyə qərar verdim.
Mən ADA Universitetinin təşkil etdiyi bir çox tədbirlərdə olmuşam, Bakıda beynəlxalq ekspertlərlə, ictimai xadimlərlə görüşmüşəm, lakin burada belə bir görüş ilk dəfədir ki, keçirilir. Ümid edirəm ki, Azərbaycana ziyarətinizdən, Şuşaya səfərinizdən məmnun qalacaqsınız. Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi isə Şuşa demək olar ki, sıfırdan yenidən qurulur.
Bu il Ulu Öndərimizin yüzillik yubileyi ilə əlaqədar olaraq "Heydər Əliyev İli” elan edilib. İl ərzində biz müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil edirik. Biz Heydər Əliyevin 100 illik yubileyini, sadəcə, rəsmi xarakter daşıyan tədbirlərin keçirilməsi ilə qeyd etmək istəmirik. Biz bunu xüsusi diqqət tələb edən real məsələlərin müzakirəsi ilə qeyd etmək istəyirik, çünki regiondakı geosiyasət dəyişib və konfransın mövzusu da bu məsələni əhatə edir.

Yuxarı