Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti “seçki” təxribatını pisləməyə çağırır

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti “seçki” təxribatını pisləməyə çağırır
Qərbi Azərbaycan İcması Ermənistanın Azərbaycanın suveren ərazilərində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən "prezident seçkiləri”nin keçirilməsi ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.
Müraciətdə deyilir: "Son günlər şərti dövlət sərhədinə canlı qüvvə və hərbi texnika cəmləşdirən Ermənistan daha bir təxribata əl atmışdır. Ermənistanın Azərbaycanın suveren ərazilərində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən "prezident seçkiləri”nin keçirilməsi bölgədə vəziyyəti daha da gərginləşdirir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu "seçki” təxribatını kəskin şəkildə pisləməyə çağırır.
Bu xüsusda, Ermənistanın baş nazirinin yenə dünya liderlərinə telefon zəngləri, "Azərbaycanla təcili danışıqlara hazırıq” açıqlaması qeyri-səmimidir. Əgər Nikol Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa, onda Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı, qeyri-qanuni silahlı dəstələr tərksilah edilməli və qayıdış ilə əlaqədar Qərbi Azərbaycan İcması ilə təmaslara başlanılmalıdır”.

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür
Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.
Bu il Beynəlxalq Savadlılıq Günü "Keçid dövründə dünyada savadlılığın təşviqi: Dayanıqlı və sülhsevər cəmiyyətlər üçün təməlin qurulması” devizi altında qeyd olunur.
UNESCO-nun Baş direktoru Odre Azule Beynəlxalq Savadlılıq Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunur ki, savadlılıq təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətə uğur qazandırır. Savadlılıq başqaları ilə ünsiyyətin açarıdır və hər kəs üçün cəmiyyətə sərbəst inteqrasiya etməyə imkan yaradır. Dünyada savadlılıqla bağlı 40 il ərzində mühüm irəliləyiş əldə olunub: 3,6 milyard insan oxumağı və yazmağı öyrənib. Əgər 1979-cu ildə insanların yalnız 68 faizi yazıb-oxumağı bacarırdısa, 2020-ci ildə bu göstərici 86,7 faizə çatıb. Lakin dünyada 244 milyon məktəb yaşlı uşaq hələ də məktəbə getmir. Eyni zamanda, 773 milyon gənc və yaşlı insan hələ də baza savadına malik deyil, onların üçdə ikisi qadınlardır...

“Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı növbəti görüş keçirilib

“Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı növbəti görüş keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində "Azərbaycan Hava Yolları” CJSC ilə "Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı görüş keçirilib.
Görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov,  Agentliyinin departament rəhbəri Elnur Bağırlı, Agentliyin Dövlət Proqramlarının və Dövlət İnformasiya Sistemində fəaliyyətlərin təmin edilməsi üzrə meneceri Natiq Lahıcov və "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat katibi Nərmin Xəlilova iştirak ediblər.
Görüşdə dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli tərəfdaşlıq münasibətlərinin təşviqi, əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, inkişafı məsələləri ətraflı müzakirə edilib.

“Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı görüş keçirilib

“Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı görüş keçirilib
06 sentyabr 2023-cü il tarixdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) məsul əməkdaşının iştirakı ilə "Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı qarşılıqlı görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, İcraçı direktorun müavini Emil Çaparlı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament rəhbəri Elnur Bağırlı, Dövlət Proqramlarının və Dövlət İnformasiya Sistemində fəaliyyətlərin təmin edilməsi üzrə menecer Natiq Lahıcov və ABB-nin Korporativ kommunikasiya şöbəsinin müdiri Yedgar Cəfərov iştirak ediblər. Görüşdə dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi və təşviqi müzakirə edilib, həmçinin mövzu ətrafında müzakirələr aparılıb.

30 avqust – Türkiyənin Zəfər bayramı

30 avqust – Türkiyənin Zəfər bayramı

Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib. Türkiyəni 30 avqust zəfərinə və Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb olub. 1920-ci ilin avqustunda Birinci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən masaya qoyulan təslimçi sazişə imza atmalı olmuşdu. Həmin sazişə görə, Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirirdi... Mustafa Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxan Türkiyə xalqı İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşıladı, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən imtina etdi. Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün isə hər şeydən öncə hərb meydanında zəfər lazım idi. 1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı "Böyük Taarruz” ("Böyük Hücum”) zəfərinin təməli də Sakarya savaşında qoyulmuşdu...

Bu gün Beynəlxalq İtkinlər Günüdür

Bu gün Beynəlxalq İtkinlər Günüdür
Bu gün Beynəlxalq İtkin Düşmüş Qurbanlar Günü və ya Beynəlxalq İtkinlər Günüdür. Bu təqvim 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib.
İtkin düşmək əsasən terror, siyasi müharibələr və ya diktatura rejimlərində insanların zorla qaçırılmasıdır. Çox təəssüf ki, hazırda zorla qaçırılma qlobal problemə çevrilib.
Bu günün qeyd edilməsi hüquqları pozulmuş itkinlərin taleyi haqqında ictimaiyyətin maarifləndirilməsi məqsədi daşıyır.
Beynəlxalq İtkinlər Günü üzv dövlətlər, bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları itkinlərin taleyinə hər kəsin diqqətini cəlb etmək üçün müxtəlif tədbirlər keçirirlər.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.
İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüş və ya işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.
Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb...

“QHT-lərin II İnkişaf və Mübadilə proqramı”na yekun vurulub

“QHT-lərin II İnkişaf və Mübadilə proqramı”na yekun vurulub
Avqustun 27-də Naftalan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan "QHT-lərin II İnkişaf və Mübadilə proqramı” başa çatıb.
Üç gün ərzində təlimlərdə iştirak edən 90-a yaxın QHT təmsilçisi "Dataların yığılması və analizi", "Layihələrin hazırlanması və icra mərhələləri: "Logframe” - "Məntiqi çərçivə”nin hazırlanması və dizaynı”, "Layihə strategiyasının hazırlanması”, "Layihələrin monitorinqi və qiymətləndirilməsi" kimi mövzularda bilik və bacarıqlarını artırıb, beynəlxalq istiqamətdə fəaliyyətin genişləndirməsi üçün "yol xəritəsi” ilə tanış olub.
Təlimçilər - ADA Universitetinin dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov iştirakçılara yüksək motivasiya və fəallıq nümayiş etdirdikləri üçün təşəkkür ediblər.
Eyni zamanda, təlim iştirakçıları proqramla bağlı təəssüratlarını bölüşərək bildiriblər ki, əldə etdikləri bilik və bacarıqlar onlara daha səmərəli formada işlərini təşkil etməkdə güclü metodiki dəstək olacaq.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi təlimləri uğurla başa vuran iştirakçılara sertifikatları təqdim edib.
Qeyd edək ki, "QHT-lərin I İnkişaf və Mübadilə proqramı” ötən il Mingəçevirdə keçirilmişdi. Ümumilikdə bölgələrdə təşkil olunan bu proqramlarda 218 QHT iştirak edib.
Agentlik QHT-lərin inkişafı naminə dövlət dəstəyini regionların və ictimai birliklərin ehtiyaclarını nəzərə almaqla, bundan sonra da davam etdirəcək.

26 avqust Laçın şəhəri günüdür

26 avqust Laçın şəhəri günüdür
26 avqust Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür.
26 avqust 2022-ci ildə Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib. Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndləri də nəzarətə götürülüb. Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib. Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyinə görə şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalmışdı. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatına əsasən, Laçın dəhlizinə alternativ olaraq 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Azərbaycan tərəfi isə razılaşmaları daha tez zamanda başa çatdırıb, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənib və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başlanılıb. Cəmi 1 il 8 ay sonra alternativ yolun çəkilişi başa çatıb. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub, Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürülüb. Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixdə Sərəncam imzalayıb. Sərəncama əsasən, 26 avqust – Laçın şəhəri günü təsis olunub.

Naftalanda “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı”nın açılışı olub

Naftalanda “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı”nın açılışı olub
Naftalan şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "QHT-lərin II İnkişaf və Mübadilə Proqramı”nın açılış mərasimi keçirilib.
Tədbirdə agentliyin icraçı direktoru Aygün Əliyeva, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, dövlət rəsmiləri, 25-dən çox şəhər və rayonlardan olan QHT nümayəndələri iştirak edib.
3 gün davam edəcək təlim çərçivəsində peşəkar təlimçilər tərəfindən QHT-lərə keyfiyyətli layihə yazılışı və idarəedilməsi vərdişləri öyrədiləcək, beynəlxalq layihə yazılışı standartları tətbiq edilməklə, qrup işləri təşkil olunacaq.
Təlimçilər - ADA Universitetinin dosenti Anar Vəliyev və Avropa Komissiyasının beynəlxalq eksperti Vüsal Behbudov proqram ərzində keçiriləcək mövzular, təlimin strukturu və gözləntilər barədə məlumat veriblər.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə agentliyin sertifikatları təqdim olunacaq.

İcma: Fransanın Ermənistanın tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına təhqirdir

İcma: Fransanın Ermənistanın tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına təhqirdir
Fransanın Xarici İşlər Nazirliyinin bu ölkənin xarici işlər naziri Katrin Kolonnanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla avqustun 15-də telefon danışığının məzmununa dair yaydığı məlumat Fransanın beynəlxalq hüququn norma və prinsiplərinə və insan haqlarına hörmətsizliyinin və Azərbaycanofob siyasətinin növbəti bir sübutudur.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Ermənistanın bir milyondan artıq azərbaycanlını öz yurd-yuvasından qovmasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, Azərbaycan ərazisinin 20 faizini işğal edib oradakı 900-ə yaxın yaşayış məskənini viran etməsinə, milyondan artıq mina döşəyərək oraları yaşanmaz hala gətirməsinə göz yuman Fransa, indi qəflətən özünü humanitar dəyərlərə tərəf kimi qələmə verməyə çalışır.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı dəstələri oradakı mülki əhalini girov götürərək, Ağdamdan gedən yolu bağlaması və Ermənistana birbaşa, nəzarətsiz yol tələb etməsi şantaj, quldurluq və terrorçuluqdan başqa bir şey deyil...

Yuxarı